Qida Təhlükəsizliyi Agentliyinin sədri Qubada vətəndaşları qəbul edib
Bakı, 2 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 2-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Qoşqar Təhməzli və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, müraciətlərin bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.