Qırğız Respublikasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycanının Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Qırğızıstanın yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət!” adlı sənədli film nümayiş etdirilib.
Azərbaycanın Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov Xocalı soyqırımının səbəbləri və nəticələrindən danışıb. Bildirib ki, Xocalı soyqırımı erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə, silahsız və dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş ağır cinayətdir. Bu qanlı əməliyyat zamanı qadınlara, uşaqlara və qocalara heç bir rəhm edilmədən tarixin ən ağır cinayətlərindən biri törədilib, məqsəd isə Azərbaycan xalqının iradəsini qırmaq və əhalini qorxu altında saxlamaq olub.
L.Qəndilov vurğulayıb ki, Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında uzun illər ərzində Vətən müharibəsinə ciddi şəkildə hazırlaşıb, dünyada və regionda gedən prosesləri düzgün qiymətləndirərək əks-hücum vaxtını dəqiq müəyyənləşdirib. Xalqın Ali Baş Komandanın ətrafında vahid yumruq kimi birləşməsi nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə olunub. Müharibədən sonrakı üç il ərzində Azərbaycanın sülh çağırışları cavabsız qaldıqda, düşmən tərəf mövqelərini möhkəmləndirməyə və yeni qüvvələr yerləşdirməyə, işğal altında qalan əraziləri intensiv şəkildə minalamağa başladıqda, 2023-cü ilin sentyabrında həyata keçirilmiş birgünlük antiterror əməliyyatı ilə Azərbaycan xalqına qarşı 200 ildən artıq davam edən ədalətsizliyə son qoyulub.
İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində insanların doğma yurdlarına qayıdışı prosesi uğurla davam edir.
Diaspor nümayəndələri Akif Alaferdov, Qiyas Xəlilov və Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun rəhbəri İqbal Babayev Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunduğunu və heç vaxt unudulmayacağını bildiriblər. Bişkek şəhərindəki Heydər Əliyev adına gimnaziyanın direktoru Kanıkey Alımkulova çıxış edərək göstərilən diqqətə və dəstəyə görə səfirə təşəkkürünü ifadə edib.
Sonda Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanışlıq olub.