Qızılcaya yoluxmanın qeydə alındığı Oğuzda peyvəndləmə ilə əlaqədar müraciətlər çoxalıb FOTO
Oğuz, 7 dekabr, AZƏRTAC
Bir neçə gün öncə Oğuz rayonunda da qızılca xəstəliyinə yoluxma qeydə alınıb. Xəstəliyin yayılmasının qarşısını almaq üçün rayonda peyvəndlənmə işləri sürətləndirilib.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a verilən məlumata görə, Oğuz şəhəri və kəndlərdən qızılca xəstəliyi ilə xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə 10 nəfər daxil olub. Xəstəliyə yoluxanlardan 2-si stasionar müalicə alıb və ambulator müalicə üçün evə buraxılıb. 7 nəfərə isə ambulator müalicə göstərilib. Bir nəfərin durumu nəzərə alınaraq, Bakı şəhərində modul tipli xəstəxanaya göndərilib.

Xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülzar İbrahimova bildirib ki, daxil olan pasiyentlər müayinə olunduqdan və diaqnoz təyin edildikdən sonra onların müalicəsinə başlanılıb. Son iki gündə yoluxma halının qeydə alınmadığını bildirən həkim onu da diqqətə çatdırıb ki, daxil olan hər bir xəstə ciddi nəzarət altında saxlanılır, başqa şəxslərə keçməməsi üçün ailələrə tövsiyələr verilir.

Şöbə müdirinin sözlərinə görə, bu günlərdə xəstəxanaya peyvəndləmə ilə əlaqədar müraciətlər çoxalıb. Valideynlər uşaqlarını müayinə üçün gətirir, ya da vurulmayan peyvəndi vurdurmaq istəyirlər.
Gülzar İbrahimova qeyd edib ki, ötən həftədən başlayaraq rayonun bütün təhsil ocaqları və uşaq bağçalarında əksepidemik tədbirlər aparılır, sanitariya maarifi işləri gücləndirilib.

Həkim otaqlarının qarşısında bəzən növbələrin yaranması son günlər adi hal alıb. Bir sözlə, rayon mərkəzi xəstəxanasına peyvəndlənmə ilə bağlı müraciətlərin sayı artıb. Valideynlər övladlarını bu xəstəliyə qarşı peyvənd etdirirlər. Rayon sakini Şəlalə Məmmədova da onlardan biridir. Övladının 6 yaşı var, amma bu yaş üçün vurulmalı olan peyvənd vurulmayıb. Xəstəliyin yoluxma hallarının çoxalması digər valideynlər kimi, Şəlaləni də narahat edir. Gənc ana valideynlərə müraciət edərək bildirdi ki, övladlarını peyvəndlərdən yayındırmasınlar.

Rayon mərkəzi xəstəxanasının həkimləri kənd həkim məntəqələri ilə əlaqələndirilmiş qaydada fəaliyyət göstərir. Xüsusi briqadalar təşkil edilib və onlar gün ərzində kəndlərdə sakinlərlə, xüsusən azyaşlıların olduğu evlərdə valideynlərlə görüşərək, həm onları maarifləndirir, həm də uşaqların ilkin müayinəsini aparır.