Qlobal çağırışların həllində qadın liderliyinin rolu - SEMİNAR
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Şimali Avropa və Baltik ölkələrinin səfirlikləri ilə “Gender Media Watch Kitabıstan” Tədqiqat Mərkəzinin tərəfdaşlığı və birgə təşkilatçılığı ilə “Qlobal çağırışların həllində qadın liderliyinin rolu: Azərbaycan və Şimali Avropa-Baltik ölkələrindən təcrübələr” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Latviyanın Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi və “Powerhouse Latvia”nın beynəlxalq əməkdaşlıq, analitika və məsləhətçi qrupunun direktoru Liqa Siceva, CMI (Martti Ahtisaari Sülh Fondu) baş məsləhətçisi Jalə Sultanlı, “MenarKi” menstrual maarifləndirmə platforması və mağazasının təsisçisi Səbinə Nəcəfova, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ofisinin rəhbəri Kanako Maduçi və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə qlobal çağırışların həllində qadın liderliyinin, qadınların qərarvermə proseslərində fəal iştirakının sülhün, sosial ədalətin, iqtisadi inkişafın və davamlı gələcəyin təmin olunmasında roluna dair müzakirələr aparılıb.