Qobustanda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 4 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının müdafiəsi, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Qobustan rayonunun Cəngi kəndində fiziki şəxs Eyyubov Mürşüd Səlim oğluna məxsus “Səbuhi” kafesində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. İşçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq dezinfeksiya işlərinin aparılmadığı, döşəmənin tamlığının pozulduğu, döşəmə, tavan və divarların asan yuyulub təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, həmçinin texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu tor örtüklə üzlənmədiyi müəyyən edilib.
Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.