İDMAN
Qran-Pridə uğurla çıxış etmiş paracüdoçular Vətənə qayıdıblar
Bakı, 7 dekabr, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Qran-Pridə uğurla çıxış edən Azərbaycan paracüdoçuları Vətənə qayıdıblar.
Azərbaycan Milli Paralimpiya komitəsindən AZƏRTAC-a verilən məlumata görə, milli komandanın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda qurumun nümayəndələri, idmançıların şəxsi məşqçiləri və yaxınları qarşılayıblar.
Yarışa doqquz idmançı ilə qatılan yığma 4 gümüş və 2 bürünc olmaqla, ümumilikdə altı medal qazanıb. Şahanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram) , Xanım Hüseynova (70 kiloqram) və İlham Zəkiyev (+90 kiloqram) ikinci, Namiq Abaslı (73 kiloqram) və Dürsədəf Kərimova (70 kiloqram) isə üçüncü yeri tutublar.
Kişi və qadın paracüdoçuların uyğun kateqoriyalar və çəki dərəcələri üzrə “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq cədvəlindəki mövqeləri də bilinir:
Kişilər
1. İlham Zəkiyev (+90 kiloqram J1) 2-ci pillə.
2. Namiq Abaslı (73 kiloqram J2) 5-ci pillə.
Qadınlar
1. Şəhanə Hacıyeva (48 kiloqram J2) 2-ci pillə.
2. Xanım Hüseynova (70kq J2) 1-ci pillə.
3. Dürsədəf Kərimova (+70kq J2) 5-ci pillə.
4. Xatirə İsmiyeva (+70kq J1) 7-ci pillə.
2024-cü ilin iyun ayında təsdiqlənəcək siyahıya əsasən, reytinq cədvəlində ilk 8 yeri tutan idmançılar Paralimpiadaya lisenziya əldə edəcəklər.