REGİONLAR
Quba-Xınalıq yolunun bir hissəsi lil və qaya parçalarından təmizlənib
Bakı, 16 iyun, AZƏRTAC
Güclü yağış nəticəsində yaranmış sel suları Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Quba-Xınalıq avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün agentliyin “5 N-li Yol İstismarı” MMC-i tərəfindən təbii fəlakət baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Təxirəsalınmaz tədbirlər nəticəsində yolun 52-ci kilometrinə qədər olan hissəsində təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib. Hazırda Quba-Xınalıq yolunun 52-56-cı kilometrlik hissələrində işlər davam etdirilir.