REGİONLAR
Quba ziyalısı: Bu seçkilər Azərbaycanın bütün suveren ərazilərində təşkil olunması ilə tarixə düşəcək
Quba, 15 yanvar, Elxan Yusifli, AZƏRTAC
Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda hələ Xalq Cümhuriyyəti dövründə vətəndaşların bərabər hüquqları tanınıb, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququ verilib. Bundan başqa, həmin dövrdə Nazirlər Şurasında, eyni zamanda parlamentdə dəfələrlə demokratik təsisatların təmin edilməsi, seçki hüququ ilə bağlı müzakirələr aparılıb. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil və müasir Azərbaycanda da ötən dövr ərzində dəfələrlə seçkilərlə bağlı müvafiq qanunlar qəbul edilib və təkmilləşdirmə aparılıb. Bundan əvvəl keçirilən prezident, parlament, bələdiyyə, seçkilərində vətəndaşlarımız fəal iştirak ediblər. Mən əminəm ki, bu seçkilərdə də xalqımız məntəqələrə gedərək səsvermədə fəal iştirak edəcəklər.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova söyləyib.
O qeyd edib ki, bu seçkilər Azərbaycanın bütün suveren ərazilərində təşkil olunması ilə tarixə düşəcək. “İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə seçkilərin keçirilməsi bizim üçün olduqca önəmli hadisədir. Bu tarixi hadisə hər birimizdə qürur hissi yaşadır. Bir vaxt xəyalını qurduğumuz anları yaşayırıq. Artıq xeyli soydaşımız azad olunmuş torpaqlarımıza, öz ata-baba yurdlarına qayıdıblar və bu proses davam edir. Artıq xəbər buraxılışlarında Füzulidə, Laçında seçki məntəqələri, seçkiyə hazırlıqla bağlı informasiyaları izləyirik. Sözlə ifadə olunması mümkün olmayan sevinc hissi yaşayırıq. Bu seçkilər həqiqətən bayram ab-havasında keçəcək. Tezliklə Böyük Qayıdış Proqramı çərçivəsində Şuşaya, Kəlbəcərə, Xocalıya və digər azad olunmuş torpaqlarımıza da sakinlər qayıdacaq. Davamlı inkişaf və yüksək rifah üçün hamı seçkilərdə iştirak etməli, ölkəmizin gələcəyinin müəyyənləşdirilməsində pay sahibi olmalıdır”, - deyə Rəxşəndə Bayramova söyləyib.