Qubada narkomaniya ilə mübarizəyə dair növbəti tədbir təşkil olunub
Bakı, 30 iyun, AZƏRTAC
Quba rayonu Heydər Əliyev Mərkəzində "Narkomaniyaya qarşı koordinasiyalı mübarizə imkanlarının artırılması" mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunub. Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, tədbirdə rayonun idarə və müəssisələrinin əməkdaşları, psixoloqlar, müəllimlər və fəal gənclər iştirak ediblər. Çıxış edənlər narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb.