Qubada şəhid media nümayəndələrinin xatirəsinə park salınır
Quba, 18 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubada Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərinin Yusif Qasımov küçəsində şəhid media nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə parkın inşasına başlanılıb. Yeni salınan park 2000 kvadratmetrə yaxın ərazini əhatə edəcək.
Parkda abidə kompleksi və erməni terrorunun qurbanı olan media nümayəndələrinin, o cümlədən iyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirə lövhələri yaradılacaq.
Burada yaşıllıq zolaqları salınacaq, söhbətgahlar tikiləcək və müasir işıqlandırma sistemi qurulacaq.
Parkın layihələndirmə işlərinə peşəkar memar və dizaynerlər cəlb olunub.
Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan parkın 22 İyul - Milli Mətbuat Günü istifadəyə verilməsi nəzərdə tutulur.