Qubada Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin xatirəsi anılıb










Quba, 14 may, Elxan Yusifli, AZƏRTAC
Qubada Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 13-də Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Mehrab Niftəliyevin 40-cı doğum günü münasibətlə “Qəhrəmanlıq dastanı” adlı anım mərasimi keçirilib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad etdilər. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq.
Şəhid valideynləri qəhrəman övladlarının keçdiyi döyüş yolundan, onların yüksək vətənpərvərliyindən danışıblar.
Bildirilib ki, Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il mayın 13-də Qubada anadan olub. Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyindəki Xüsusi Təyinatlı Qüvvələrdə 17 il qüsursuz xidmət edib. O, Azərbaycanla yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb.
Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşada döyüşüb, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda, zirehli texnikasını məhv edib. M.Niftəliyev noyabrın 8-də Şuşada qəhrəmancasına şəhid olub.
Şəhidin qəhrəmanlığı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.Niftəliyev “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Quba şəhərindəki Texniki təmayüllü liseyə Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin adı verilib.
Tədbirin sonunda məktəblilər şəhidlər və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.