QUŞ QRİPİ EPİDEMİYASI ABŞ-A 625 MİLYARD DOLLARA BAŞA GƏLƏ BİLƏR
Mütəxəssislər ehtimallarını onunla əsaslandırırlar ki, ölkədə insandan insana keçən quş qripinin müxtəlif növlərinə 90 milyon adam yoluxa bilər. Onların təqribən 2 milyonunun tələf olması təhlükəsi var.
Epidemiyanın 3 ay çəkəcəyi gözlənilir. ABŞ-da işçi qüvvəsinin üçdə biri təxminən 3 həftə müddətinə iş qabiliyyətindən məhrum olacaqdır. Bu, istehsalın kəskin surətdə aşağı düşməsinə, habelə əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə səbəb olacaqdır. Səhiyyə sistemi həddindən artıq yüklənəcək, epidemiya dövründə qorxu və hərc-mərclik itkiləri daha da artıracaqdır. Bunların hamısı tammiqyaslı iqtisadi tənəzzülə bərabər olacaqdır.
Hökumətin bu məruzəsi yalnız ehtimaldır. Ondan məqsəd mümkün quş qripi epidemiyasının təkcə səhiyyə sistemi üçün deyil, həm də milli iqtisadiyyat və təhlükəsizlik üçün ciddi sınaq ola biləcəyini diqqətə çatdırmaqdır.
Konqresin büdcə bürosunun hesablamaları Dünya Bankının məlumatındakı göstəricilərdən daha dramatikdir. Dünya Bankının hesablamalarına görə, sənayecə inkişaf etmiş ölkələr, o cümlədən ABŞ qrip pandemiyası nəticəsində üst-üstə 550 milyard dollar itirə bilər.