Qusarda mağazada yararlılıq müddəti bitmiş ərzaq məhsulları aşkar edilib
Bakı, 7 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində Qusar şəhərinin T.İsmayılov küçəsində fiziki şəxs Xanəhmədov Babək Rubət oğluna məxsus “Sevimli” ərzaq satışı mağazasında yoxlama aparılıb.
Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi, idxal olunan qida məhsullarının üzərindəki etiket məlumatlarının Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, həmçinin işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib. Eyni zamanda saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul edilib.