Qusarda turizm müəssisələrinə xəritələr paylanılıb
Qusar, 17 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba Destinasiya Menecmenti Təşkilatının əməkdaşları Qusar şəhəri, “Şahdağ” Turizm Mərkəzi və regionu özündə birləşdirən turizm xəritələrinin turizm obyektlərinə paylanılmasına başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xəritələr ilk olaraq “Şahdağ” Turizm Mərkəzində yerləşən hotellərə təqdim olunub.
İngilis dilində hazırlanan A3 ölçülü xəritələr hər bağlamada 100 ədəd olmaqla hotellərə və turizm şirkətlərinə təqdim ediləcək. Bu xəritələr turizm müəssisələrinə müraciət edən qonaqlara regiondakı ziyarət olunmalı məkanlarla bağlı tövsiyələr verilməsi üçün münasib vasitədir.
Xüsusi dizaynda tərtib olunan turizm vəsaitlərində Qusar şəhərinin, “Şahdağ” Turizm Mərkəzinin, həmçinin Quba-Qusar rayonlarının regional xəritələri, turizm məkanları və turistlər üçün nəzərdə tutulmuş məhsullar öz əksini tapıb.