RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİNİN İTALİYAYA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər müddətində Ə.Abbasov İtaliyanın rabitə naziri Mario Landolfi ilə “Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında şəbəkə təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi” imzalamışdır. Nazirlər iki ölkə arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün danışıqlar aparmışlar.
Ə. Abbasov görüşdən sonra mətbuat konfransında jurnalistlərin çoxsaylı suallarını cavablandırmış, ölkəmizdə rabitə və İKT sahəsində islahatlar, görülən işlər barədə məlumat vermişdir.
Səfər zamanı Ə.Abbasov Roma yaxınlığındakı texnoloji parkla tanış olmuş, İtaliya Senatının ictimai işlər və rabitə daimi komissiyasının sədri, senator Luici Qrillo və Deputatlar Palatasının nəqliyyat, poçt və telekommunikasiya daimi komissiyasının sədri, deputat Ancelo Senza ilə görüşmüşdür.
Ə.Abbasov Romanın məşhur La Sapienza Universitetinin, İtaliyanın aparıcı Rabitə və İnformasiya Texnologiyaları Biznes Assosiasiyaları Federasiyasının rəhbərləri ilə görüşmüş, hər iki ölkə arasında rabitə və İTK sahəsində kadr hazırlığı məsələləri haqqında söhbət aparmışdır.
Nazir İtaliyanın İKT və elektron avadanlıqları istehsal edən şirkətlərinin rəhbərləri ilə Azərbaycanda yaradılması planlaşdırılan İKT üzrə iqtisadi zonanın və tranzit informasiya məkanının reallaşdırılması məsələlərini müzakirə etmişdir.