Ramazan ayında ərəb ölkələrində COVID-19-a yoluxmanın artacağı ilə bağlı xəbərdarlıq edilib
Qahirə, 18 mart, AZƏRTAC
Misir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Tunisin səhiyyə nazirləri Ramazan ayında COVID-19-a yoluxma hallarının artacağı ilə bağlı əhaliyə xəbərdarlıq ediblər.
AZƏRTAC xəbər verir ki, Misirin səhiyyə naziri Halə Zayid aprelin ortalarında başlayacaq Ramazan ayında insanları bir yerə toplaşmamağa, karantin qaydalarına əməl etməyə çağırıb. O məlumat verib ki, hazırda sutkalıq 600 ətrafında olan yoluxma və 50 ölüm faktları qeydə alınır, lakin bu rəqəmlər daha da arta bilər. Nazir diqqətə çatdırıb ki, indiyədək ölkədə 190 mindən çox insan COVID-19-a yoluxub, 11 256 pasiyent isə həyatını itirib.
Əhalisinin sayı 100 milyondan artıq olan Misirdən fərqi olaraq, daha kiçik ərəb ölkələrində pandemiya ilə bağlı vəziyyət daha ağırdır. Məsələn, cəmi 4 milyon 200 min nəfər əhalisi olan Küveytdə son sutkada yeni növ koronavirusa 1502 nəfər yoluxub, 8 pasiyent isə həyatını itirib. Təxminən eyni sayda əhalisi olan Tunisdə isə son sutka ərzində 34 pasiyent ölüb, 766 yoluxma faktı qeydə alınıb.
Pandemiya ilə bağlı ən acınacaqlı vəziyyət Livandadır. Bu ölkədə son sutka ərzində 3544 yoluxma, 32 ölüm faktları qeydə alınıb. Birləşmiş Ərəb Əmirliklərində isə yoluxanların sayı 2052-yə düşüb, 8 pasiyent dünyasını dəyişib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə