İDMAN
Rauf Məmmədov: Çətin olsa da, dünya çempionatında medal qazanmaq istəyirəm
Bakı, 5 dekabr, AZƏRTAC
“Təəssüf ki, lazımi anlarda vacib gedişləri edə bilmədik. Ancaq ruhdan düşmürük. İnanıram ki, qarşıdakı turnirlərdə nəticələr daha yaxşı olacaq”.
Bunu AZƏRTAC-a açıqlamasında kişi şahmatçılardan ibarət Azərbaycan millisinin üzvü Rauf Məmmədov Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında 18-ci yeri tutmaları ilə bağlı danışarkən deyib.
Təcrübəli qrossmeyster yarışın onlar üçün çətin keçdiyini bildirib: “Avropa çempionatı bizim üçün necə başladısa, elə də bitdi. Geridönüş etməyə çalışsaq da, alınmadı”.
Həmin yarışda Avropa ikincisi olan qadınlardan ibarət yığmanın çıxışını da dəyərləndirən R.Məmmədov əlavə edib: “Azərbaycan qadın şahmatı son beş ildə çox inkişaf edib. Elə son turnirdəki çıxışımız da bunun göstəricisidir. Bu uğurda Azərbaycan Şahmat Federasiyasının da əməyi var”.
35 yaşlı şahmatçı Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə keçiriləcək dünya çempionatı ilə bağlı da fikirlərini bölüşüb: “Mən 2012-ci ildən bu turnirdə çıxış edirəm. Sadəcə, 2020-ci ildə pandemiyaya görə yarış baş tutmamışdı. Ən sevdiyim turnirlərdən biridir. Çətin olsa da, medal qazanmaq niyyətindəyəm”.
R.Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) dekabr ayı üçün açıqladığı reytinq cədvəlində 9 pillə irəliləyərək 90-cı yerə yüksəlməsinə, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun isə geriləməsinə münasibət bildirib: “Avqust ayındakı reytinqimdən fərqli hazırkı göstəricim yaxşıdır. İnanıram ki, Teymur və Şəhriyar da çalışıb öz reytinqlərini düzəldəcəklər”.
Qeyd edək ki, rapid və blits üzrə dünya çempionatı dekabrın 25-dən 31-dək keçiriləcək.