Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri daha da genişləndiriləcək
Bakı, 2 mart, AZƏRTAC
Prezident İlham Əliyevin 2019-cu il 23 fevral tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə edilmiş dəyişikliklərdən biri kimi reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək nazirliyin vəzifələri sırasına daxil edilib. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bir sıra hallarda əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin onların yaşadıqları bölgələrə, hətta yaşadıqları ünvanlara çatdırılaraq verilməsi işləri də aparılıb.
Nazirliyin ictimaiyyətə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il ərzində mərkəz əlilliyi olan şəxsləri 35 min 351 reabilitasiya vasitəsi ilə təmin edib. Onlardan bir qismi də reabilitasiya vasitələrini götürmək üçün özlərinin və ya yaxınlarının Bakıya gəlmək imkanları olmayan şəxslərə səyyar xidmət formasında yaşadıqları rayon və ya şəhərə aparılmaqla, yaxud birbaşa ünvana çatdırılma qaydasında təqdim olunub.
Dövlət başçısının müvafiq Fərmanı ilə nazirliyin Əsasnaməsində edilmiş dəyişikliyə uyğun olaraq, bundan sonra reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi sistemli xarakter alacaq və bu sahədə fəaliyyət daha da genişləndiriləcək.