Real Hacıyev: İqlim həlləri üçün maliyyə dəstəyi ilə yanaşı, yeni layihələr də lazımdır
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakıda seçilən 1,3 trilyon dollar həcmində yeni iqlim maliyyəsi yalnız rəqəmlərlə ifadə olunan maliyyə göstəricisi deyil, həm də ciddi idarəetmə məsuliyyəti deməkdir. Çünki burada söhbət təkcə maliyyələşmənin həcmi və mənbələrindən yox, həm də bu vəsaitlərin necə yönləndirilməsi, necə idarə olunması və hansı real nəticələr doğurmasından gedir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən "Yaşıl Maliyyə və Davamlı İnvestisiyalar: İqlim Həllərinin Açılması" mövzusunda sessiyada Avropa Yenidənqurma və İnkişaf Bankının baş bankiri Real Hacıyev deyib.
O qeyd edib ki, əsas məsələ yalnız maliyyəni təmin etmək deyil, həm də iqlim siyasətlərinin hazırlanması ilə real layihələr arasında körpü rolunu oynamaqdır. “Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq biz çalışırıq ki, yalnız maliyyə dəstəyi göstərməyək, həm də inkişafı stimullaşdıran yeni layihələr hazırlayaq. Əminəm ki, bu istiqamətdə birgə səylərimiz nəticəsində qarşımızda duran böyük rəqəmlər sadəcə statistik göstərici olmayacaq”, - deyə R.Hacıyev vurğulayıb.