“Red Bull Winning” futbol turnirinin qalibi müəyyənləşib
Bakı, 2 noyabr, AZƏRTAC
“Red Bull Winning” unikal futbol turnirinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, dünya finalında Azərbaycanı “De Fakto” komandası təmsil edəcək. Milli finalda 16 komanda iştirak edib. “De Fakto” komandası I yeri, “UNEC” II, “Mehdiabad” III yeri tutub.
“De Fakto” komandasının heyətinə Bəxtiyar Məsiməliyev (kapitan), Babək Allahverdiyev, Əliağa Xudiyev, Elməddin Hüseynzadə, Xalqan Məmmədov, Əsgər Əsgərov və Nihad İsmayılov daxildir.
Çempionatın xüsusi qonağı, dünyada ən yaxşı futbolçu-fristayler Sian Qarnyerdir. 31 yaşlı fransız idmançı dünyada ən yaxşı sərbəst üslublu futbolçu kimi tanınıb. Sian Fransanın üçqat çempionu və ikiqat dünya çempionudur. Onun fristayl futbol və basketbol, habelə daha bir neçə küçə idman növlərini birləşdirən “Street Style Society” komandası var.
Final oyunundan qabaq Sian topla əfsanəvi şousunu nümayiş etdirib. Turnirin sonunda Sian Qarnyer, Murad Səttarlı (AZAL PFK), Nuqzar Kvirtiya (AZAL PFK), Aleksandre Quruli (AZAL PFK) və Ramiz Çovdarov (Araz, futsal) bir komandada oynayaraq, qalib gələn komanda ilə dostluq matçı keçiriblər. Sian oyunun sonunda bu matçda rəqib komandadan ən yaxşı oyunçu kimi Nihad İsmayılovu seçib və ona öz topunu bağışlayıb.
Turnirin unikallığı onun konsepsiyasındadır. Hər komandada beş futbolçu var, qapıçı yoxdur, qarşı tərəfin qapısına vurulan hər qol həmin komandanın bir futbolçusunu meydançadan uzaqlaşdırır.