Regional Təhsil İdarəsi: Valideynlər vahid məktəbli geyimini istədikləri yerdən ala, həmçinin tikdirə bilərlər
Bakı, 18 avqust, AZƏRTAC
Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsində olduğu kimi, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə də vahid məktəbli forması tətbiq ediləcək.
Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Valideynlər məktəbli formasını istədikləri yerdən ala və ya tikdirə bilərlər.
Bu barədə AZƏRTAC-a açıqlamasında Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Aqil Bəşirov bildirib.
A. Bəşirov deyib ki, ötən tədris ilində regionun bütün ümumi təhsil müəssisələrinin Pedaqoji şuraları geyim forması ilə bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.
“Yeni tədris ilinə hazırlıq məqsədilə valideynlərin məktəbli formalarını satış məntəqələrindən əvvəlcədən əldə etmələri tövsiyə olunur. Valideynlər məktəbli formasını istədikləri yerdən ala və ya tikdirə bilərlər. Valideynlərin məlumatlandırılması zamanı məktəbli formalarının satış məntəqələrindən hər hansı biri xüsusi fərqləndirilmir. Seçilmiş forma ən azı 3 tədris ili istifadə olunacaq. Vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəxas təhsil mühitini formalaşdırır”, - deyə A.Bəşirov bildirib.
Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi beş rayonda 185 ümumtəhsil məktəbi fəaliyyət göstərir.