Regionda yeni təhlükəsizlik platforması yaranır: Azərbaycan prosesin mərkəzindədir
Bakı, 20 aprel, AZƏRTAC
Antalya Diplomatiya Forumu yalnız Türkiyənin deyil, Azərbaycanın da ictimai-siyasi həyatında əlamətdar hadisə sayılır. Forumda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin təmsil olunması, keçirilən görüşlər, panel iclaslarındakı çıxışlar rəsmi Bakının regionda sülh istiqamətində siyasət yürütdüyünü beynəlxalq aləmə bir daha nümayiş etdirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib. O bildirib ki, forum çərçivəsində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin görüşü xüsusi diqqət çəkir: “Geosiyasi proseslərin davamı kimi Yaxın Şərqdə vəziyyətin müharibə həddinə gəlib çatması region dövlətlərini dərin düşünməyə vadar edir. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir regionda maraqları olan nüfuzlu dövlətlərdir. Bunlar yarana biləcək gərginliyə qarşı birlikdə çıxış etmək qərarına gəliblər və aydın şəkildə, qlobal miqyaslı təhdidlərin qarşısını ayrı-ayrılıqda almağın çətin olduğunu bilirlər”.
Ekspert vurğulayıb ki, nüvə silahına malik Pakistan, NATO daxilində ən güclü orduya sahib Türkiyə, sutkada 12 milyon barel neft hasil edən Səudiyyə Ərəbistanı və dünya ticarətini Süveyş kanalı vasitəsilə nəzarətdə saxlayan Misirin bir arada olması çox böyük bir siyasi ittifaqın qurulduğunu göstərir. Antalya forumundan əvvəl də bu dövlətlərin başçıları bir araya gələrək müzakirələr aparıblar. Bu birlik təkcə Yaxın Şərqdə deyil, Avrasiyada da real qüvvəyə çevrilir.
“Azərbaycanın bu dövlətlərlə strateji xarakter daşıyan yaxın əlaqələri var. Pakistan və Türkiyə ilə əlaqələrimiz dostluq və qardaşlıq səviyyəsindədir. Səudiyyə krallığı və Misir ilə də olduqca yaxın münasibətlər formalaşıb. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanı dəstəkləyib. Forum çərçivəsində bu dövlətlərin xarici işlər nazirlərinin görüşü regional təhlükəsizlik mexanizminin yaradılması kimi qiymətləndirilə bilər. Bu proses, eyni zamanda, qlobal güc balansında yeni mərkəzin yaranması ehtimalını da gücləndirir”, -deyə o bildirib.
Ekspert əlavə edib ki, forumun Azərbaycan üçün əhəmiyyətinə bir sıra aspektlərdən baxmaq lazımdır. Prezident köməkçilərinin panel iclaslarda Azərbaycanın regiondakı mövqeyini izah etmələri ölkəmizin qlobal diplomatik platformalarda aktiv rol oynadığını göstərdi, qlobal diplomatiyadakı yerini möhkəmləndirdi, tranzit imkanlarını nümayiş etdirdi. Bütün bunlardan başqa, Azərbaycanın yeni yaradılan təhlükəsizlik platformasının yanında olması təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri vəd edir.