REGİONLAR
Rektor: Azərbaycan xalqının öz rəhbəri ətrafında yumruq kimi birləşməsi Qələbə ilə nəticələndi

Gəncə, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi altında düşmənə layiqli cavab verərək, işğal altındakı torpaqlarımızı azad etdi. Nəhayət xalqımızın yurd həsrəti uzun illərdən sonra sona çatdı. İndi Qarabağımız yenidən qurulur, keçmiş məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdırlar.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini vurğulayan Z.Qurbanov qeyd edib ki, xalqın öz rəhbəri ətrafında yumruq kimi birləşməsi Qələbə ilə nəticələndi. “Bu gün bayrağımız bütün Qarabağda dalğalanır. Şəhidlərimizin ruhları şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirik! Qazilərimizə isə cansağlığı arzu edirik. Onlar bizim qəhrəmanlarımızdılar,”- deyə rektor vurğulayıb.