ELM VƏ TƏHSİL
Rektor: Kollec təhsilinin yenidən qurulması üçün UNEC pilot layihə həyata keçirməyə hazırdır
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyində bir sıra təkliflərlə çıxış edib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Rektor bildirib ki, UNEC nəzdində kollec statusunun konkretləşdirilməsinə ehtiyac var: “UNEC-in nəzdinə verilən Maliyyə-İqtisad Kollecınin də publik hüquqi şəxs statusu almasını yüksək qiymətləndiririk. Bununla yanaşı, UNEC-in və onun nəzdində fəaliyyət göstərən kollecin də publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi ən qısa vaxtda kollecin və UNEC-in Nizamnaməsində dəqiqləşdirmə aparılmasını tələb edir.
Kolleclərin, nəzdində fəaliyyət göstərdiyi universitetin struktur vahidinə çevrilməsi kollec əməkdaşlarının əməkhaqlarını universitet əməkhaqqı səviyyəsinə qaldırmaqla yanaşı, həm də universitet potensialından geniş istifadə edilməklə kollec təhsilinə ciddi töhfə verə bilər.
Universitetlərdə olduğu kimi, kolleclərdə də adambaşına maliyyələşdirməyə keçid faydalı olar.
Subbakalavr ixtisasları və təhsil proqramları ilə bakalavr təhsil proqramları arasında kredit transfer mexanizmi mövcud olsa da, subbakalavr və bakalavr ixtisas və tədris proqramlarına vahid yanaşmanın olması arzuolunandır.
Universitetin nəzdində fəaliyyət göstərən kolleclərdə həmin universitetlərdə mövcud olan bütün ixtisaslar üzrə subbakalavr səviyyəsində mütəxəssis hazırlığına sərbəstlik verilməsini məqsədəuyğun hesab edirik.
Növbəti illərdə UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin prioritetlərdən biri mümkün qısa vaxtda Xocalıda mövcud olmuş filialının fəaliyyətinin bərpasıdır.
Kollec təhsilinin yenidən qurulması üçün UNEC pilot layihə həyata keçirməyə hazırdır”.