Rəşad Əliyev: Naftalan neftinin sertifikatlaşdırılması üzərində iş aparılır
Bakı, 21 dekabr, AZƏRTAC
Naftalan neftinin sertifikatlaşdırılması üzərində iş aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunun “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda həm Səhiyyə Nazirliyi, həm də Almaniyanın Sağlamlıq Turizmi Assosiasiyası ilə birlikdə Naftalan neftinin sertifikatlaşdırılması prosesi üzərində işləyirik, fəaliyyət planı hazırlanır. Çox geniş bir prosesdir. Sertifikatlaşdırmanın əsas hissəsi SOCAR-dan başlayacaq.
“Sağlamlıq turizmi dedikdə ilk ağıla gələn yerlərdən biri Naftalan şəhəridir. Naftalan şəhərində Naftalan nefti vasitəsilə müəyyən proseduralar həyata keçirilir. Naftalan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Naftalanın turizm inkişaf konsepsiyasını hazırladıq. Həmin konsepsiyanın ana xətti sağlamlıq turizminin özüdür. Naftalanla bağlı ən mötəbər layihə Naftalan neftinin sağlamlıq turizminin inkişafındakı rolunun artırılması ilə bağlı əlavə tədbirlər planı ilə bağlı layihədir. Həmin layihə yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Naftalan neftinə ümumi strateji yanaşma gətirəcəyik. Layihə təsdiqləndikdən sonra Naftalan neftinin beynəlxalq sertifikatlaşdırma prosesinə başlayacağıq. Azərbaycanda sağlamlıq turizmi ilə bağlı Naftalana gələn turistlərin böyük qismi MDB ölkələrinin payına düşür. Dövlət Turizm Agentliyi xarici ölkələrdə keçirilən sərgilərdə, tədbirlərdə Azərbaycanım turizm potensialını təqdim edir. Lakin Qərb ölkələrindən turistləri Naftalana cəlb etməkdə qarşımızda duran baryerlərdən biri Naftalan neftinin beynəlxalq müstəvidə sertifikatının olmamasıdır. Sertifikatlaşdırma bitəndən sonra Naftalana böyük turist axınının olacağını düşünürük”.