Rəşad Mustafayev: Vətəndaşlara 175 aktual ixtisas üzrə peşə hazırlığı imkanlarının təqdim edilməsi mümkündür
Xankəndi, 11 sentyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilər üzrə indiyədək peşə hazırlığı və Beynəlxalq Əmək Təşkilatının "Öz biznesini başla və inkişaf etdir" təlimlərindən ümumilikdə 8 min 421 nəfər yararlanıb. Hazırda vətəndaşlara 175 aktual ixtisas üzrə peşə hazırlığı imkanlarının təqdim edilməsi mümkündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndidə keçirilən "Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri" mövzusunda dəyirmi masada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
O bildirib ki, Qarabağ Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti bu istiqamətdə mühüm potensial formalaşdırır. Mərkəz 48 peşə istiqaməti üzrə təlim imkanına malikdir və fəaliyyətə başladığı tarixdən 2 min 252 nəfərin peşə hazırlığını həyata keçirib. İşğaldan azad edilmiş ərazilərdə işəgötürənlərlə birgə təşkil olunan kurslara isə yüzlərlə şəxs cəlb olunub.
"Burada bizim üçün əsas nəticə insanın qazandığı bacarığın real məşğulluğa çevrilməsidir. Bu baxımdan işəgötürənlərlə qurulan birgə modelin artıq konkret nəticələri var. İri işəgötürənlərlə keçirilmiş namizəd görüşləri çərçivəsində 930 nəfər peşə hazırlığına cəlb edilib, təlimi başa vurmuş 497 nəfər isə həmin işəgötürənlərdə işlə təmin olunub", - deyə nazir müavini bildirib.
Müxbir - Tahir Ağaməmmədov