Rəşad Nəbiyev: Son iki ildə Orta Dəhlizin əhəmiyyəti kəskin şəkildə artıb
Zəngilan, 16 noyabr, AZƏRTAC
Geosiyasi məsələlərlə əlaqədar olaraq, son iki ildə Orta Dəhlizin əhəmiyyəti kəskin şəkildə artıb. Avropalı tərəfdaşlarımız Orta Dəhlizə önəm verirlər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib. O qeyd edib ki, Orta Dəhliz nəqliyyatda sabitliyin və səmərəliliyin simvolu kimi çıxış edir.
“Orta Dəhlizdəki uğurlar gələcəkdə nəqliyyat və logistika sahəsində dəyişikliklərə səbəb olacaq. Ənənəvi dəhlizlərlə Şərqdən Qərbə və Qərbdən Şərqə yüklərin daşınması kifayətdir, lakin geosiyasi məsələlərlə bağlı Orta Dəhlizin əhəmiyyəti artdı. Qərbdən Şərqə yüklərin daşınması çox əhəmiyyətlidir”, - deyə nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki, dəhlizə üzv olan ölkələrlə yol xəritəsi hazırlanıb: “Bu yol xəritəsi çox mükəmməl bir xəritədir və burada digər tərəflərin məsuliyyətləri də müəyyən edilir. Biz birlikdə işləyərək artıq xəritənin icrasına başladıq və bir sıra məsələləri sinxronlaşdırdıq. Eyni vaxtda bir sıra əməliyyatları və fəaliyyətləri həyata keçirdik”.