CƏMİYYƏT
Respirator xəstəliklərin ağırlaşması daha xoşagəlməz hallara aparıb çıxara bilər
Bakı, 18 yanvar, AZƏRTAC
Yaşadığımız soyuq havalı qış günlərdə həm uşaqlar, həm də böyüklər arasında öskürək, yüksək hərarət və halsızlıq halları tez-tez müşahidə olunur. Havalar soyuduqca orqanizmin müqaviməti azalır, havanın temperaturundakı ani dəyişikliklər xəstəliklərə səbəb olur. Bəzən onu mövsümi xəstəliklər hesab etsək də, riskləri çoxdur.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Zakir Quliyev deyib: “Belə hal məktəbəqədər, məktəbyaşlı uşaqlarda və xroniki xəstəliklərdən əziyyət çəkənlərdə daha çox müşahidə olunur. Respirator xəstəliklərin, o cümlədən qripin ağırlaşması pnevmoniyaya, hətta bəzən asmatik xəstəliklərə də səbəb ola bilər. Ağciyərində müəyyən problemi olanların qripə yoluxması zamanı xəstəliyin ağır getmə ehtimalı var”.
Mütəxəssislər deyirlər ki, xəstəliyə yoluxmamaq üçün soyuqdəymədən qorunma, düzgün qidalanma və digər qaydalara riayət etmək vacibdir. Təəssüf ki, müalicə dövründə doğru bilinən yanlışlar çox olur və bu halda xəstəlikdən sağalma müddəti uzanır.
Həmin yanlışlıqlar barədə məlumat verən həkim-infeksionist Ləman Qalimova deyib: “Ən birinci yanlışlıq antibiotik istifadəsinə başlanılmasıdır. Doğru antibiotik istifadə olunsa belə eyni bakteriya olmaya bilər. Bunun üçün mütləq şəkildə antibiotiklərin istifadə olunması həkim məsləhəti ilə və həkim nəzarəti altında olmalıdır. Temperatur yüksələndə qızdırmasalıcılardan istifadə etmək və uşaqlarda bunun səmərəsini görmək üçün çəkiyə uyğun tətbiq etmək lazımdır. Bu zaman bir qədər də səbirli olmaq gərəkdir. Dərman verən kimi dərhal qızdırmanın düşəcəyini gözləmək doğru deyil, hərarətin düşməsini bir müddət gözləmək lazımdır”.
Xroniki xəstələr, uşaqlar və hamilə qadınlar xüsusi risk qrupuna daxildir. Mütəxəssislər bir daha vurğulayırlar ki, xəstəliyin əlamətlərini hiss edən kimi ilk növbədə özünü təcrid etməlidir. Belə olduqda xəstəliyin yayılmasının qarşısı alınmış olur.