RESPUBLİKA ALİ MƏHKƏMƏSİNDƏ 2005-Cİ İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlər qarşısında çıxış edərək dedi ki, müəllifi ümummilli liderimiz Heydər Əliyev olan Konstitusiyada, habelə “Məhkəmə-Hüquq Şurası haqqında”, ”Məhkəmələr və hakimlər haqqında” qanunlarda təsbit edilmiş hüquqi, demokratik dövlət quruculuğu prosesinin inkişafı, ölkəmizin dünya birliyinə inteqrasiyanı təmin edən qanunvericilik aktlarının qəbul olunması, Hakimlərin Seçki Komitəsinin yaradılması və səmərəli fəaliyyəti respublikamızda hüquqi islahatların davamlılığını təmin etmişdir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə bu proses yeni mərhələyə daxil olmuşdur. Bu Fərman regionların sosial-iqtisadi inkişafı şəratində əhalinin hüquq təsisatlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılmasını, vətəndaşların narazılığına səbəb olan sui-istifadə və süründürməçilik hallarının aradan qaldırılmasını, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasını, Hakimlərin Etik Davranış Kodeksinin hazırlanmasını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqini, Ali Ədliyyə Məktəbinin yaradılmasını, vəkillərin sayının artırılmasını, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsini və s. nəzərdə tutur.
2005-ci ildə respublikanın birinci instansiya məhkəmələri tərəfindən 65.600 mülki işə və 12.891 cinayət işinə baxılmışdır ki, bu da 2004-cü illə müqayisədə xeyli çoxdur. Ötən il baxılmış cinayət işləri üzrə 13.711 nəfər məhkum edilmiş, 8 nəfər haqqında bəraət hökmü çıxarılmışdır. Birinci instansiya məhkəmələri tərəfindən 2004-cü ildə məhkum edilənlərin 43,42 faizi haqqında azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdisə, 2005-ci ildə bu göstərici 41,25 faiz olmuşdur.
R.Rzayev bildirdi ki, ötən il apellyasiya məhkəmələrində birinci instansiya məhkəmələrinin (ümumi və yerli iqtisad məhkəmələri ilə birlikdə) qətnamə və qərardadlarından verilmiş apellyasiya şikayəti əsasında 6.342 mülki işə və 3.177 nəfər haqqında cinayət işinə baxılmışdır. Birinci instansiya məhkəmələrinin mülki işlər üzrə 1.624 qətnaməsi və 522 qərardadı ləğv edilmiş, 321 qətnaməsi və 4 qərardadı dəyişdirilmiş, 3.871 iş üzrə məhkəmə aktları dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, 2005-ci ildə birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş apellyasiya şikayəti və apellyasiya protesti əsasında 87 nəfər haqqında hökm və 182 nəfər haqqında qərar ləğv edilmiş, 932 nəfər haqqında hökm və 21 nəfər haqqında qərar dəyişdirilmiş, 1955 nəfər haqqında məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. 50 nəfər haqqında hökm maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə və prosessual hüquq normaları pozulduğuna, 4 nəfər haqqında hökm bəraətverici əsaslar müəyyən edildiyinə, 33 nəfər haqqında hökm isə digər əsaslara görə apellyasiya qaydasında ləğv edilmişdir.
Birinci instansiya məhkəmələri tərəfindən baxılmış cinayət işləri üzrə 161 nəfər haqqında hökm məhkumlara təyin edilmiş cəzaların yüngüllüyünə görə, 661 nəfər haqqında hökm məhkumlara təyin edilmiş cəzaların ağırlığına görə, 110 nəfər haqqında hökm isə digər əsaslara görə apellyasiya şikayəti və apellyasiya protesti əsasında dəyişdirilmişdir. Başqa sözlə, birinci instansiya məhkəmələri tərəfindən 2005-ci ildə baxılmış mülki işlər üzrə qəbul edilmiş qətnamə və qərardadların 9,7 faizinin, cinayət işləri üzrə çıxarılmış hökm və qərarların isə 24,4 faizinin qanuniliyi apellyasiya qaydasında yoxlanılmışdır.
Ali Məhkəmədə 2005-ci ildə baxılmış işlərin sayının 2004-cü ilə nisbətən xeyli çoxaldığını bildirən sədr dedi ki, 2004-cü ildə 3.331 işə baxıldığı halda, 2005-ci ildə 3.888 işə baxılmışdır. Həmin müddətdə Ali Məhkəmənin mülki işlər üzrə kollegiyasında 2605 işə, iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasında 518 işə, cinayət işləri üzrə kollegiyasında 792 nəfər haqqında 664 işə, hərbi məhkəmələrin işləri üzrə kollegiyasında 153 nəfər haqqında 331 cinayət işinə, Plenumda isə 70 işə baxılmışdır.
Cinayət, mülki işlər, iqtisadi mübahisələr üzrə və hərbi məhkəmələrdə müvafiq göstəricilərlə də jurnalistləri tanış edən Ramiz Rzayev, ədalət mühakiməsini düzgün həyata keçirmək, şəffaflığı, qanunun aliliyini təmin etmək, vətəndaşların məhkəmələrə inamını artırmaq, məhkəmə aparatının strukturunun və işinin daha optimal şəkildə qurulması üçün qurumda aparılan struktur islahatları, təşkilati tədbirlər barədə, eləcə də cari ildə qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.
Sonda jurnalistlərə Ali Məhkəmənin 2005-ci ildəki fəaliyyətini əks etdirən məlumat bülleteni paylandı, onları maraqlandıran suallara cavab verildi.