Respublika Günü Budapeştdə qeyd olunub
Budapeşt, 27 may, AZƏRTAC
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi 28 may - Respublika Günü münasibətilə Budapeştin “Rits-Karlton” otelində qəbul təşkil edib.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev ölkəmizin keçdiyi tarixi inkişaf yolundan danışıb. Diplomat son illər xüsusi intensivliyi ilə seçilən Azərbaycan-Macarıstan münasibətlərinin uğurlu inkişafından bəhs edib. Səfir bu il həm də sovet imperiyasının süqutu ərəfəsində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyi olduğunu xatırladıb. V.Quliyev erməni işğalının bütün acı nəticələrinə baxmayaraq, ölkəmizin yalnız Cənubi Qafqaz regionunda deyil, bütünlükdə postsovet məkanında uğurla inkişaf edən və öz iqtisadi qüdrətini ilbəil artıran dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb.
Qəbula rəsmi qonaq statusunda qatılan Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini, Macarıstanın Azərbaycandakı keçmiş səfiri Jolt Çutora həyatının ən gözəl illərini ölkəmizdə keçirdiyini etiraf edib, sevimli bayram münasibətilə xalqımızı təbrik edib. O, tarixi köklərlə bağlı olan Azərbaycan və macar xalqları arasında dostluq və qarşılıqlı anlaşma ruhunun bundan sonra daha geniş vüsət alacağına əminliyini bildirib.
Tədbirdə Budapeştdə akkreditə olunan diplomatik korpusun üzvləri, Macarıstanın müxtəlif nazirlik, idarə və təşkilatlarının nümayəndələri, iş adamları, jurnalistlər, alimlər, Azərbaycan diasporunun təmsilçiləri və bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt