Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün yekun yarışı başa çatıb
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün bağlanış yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, üç yaş qrupu üzrə təşkil edilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib.
On beş yaşadək idmançılar arasında ən yaxşı nəticə göstərən 8 nömrəli İdman Olimpiya Məktəbinin üzvü David Proherkus birinci yeri tutub. İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin velosipedçisi Bakir Dadaşov 17 yaşadək velosipedçilərin mübarizəsində hamını qabaqlayıb. Gənclər, U-23 və elit kateqoriyasında isə “Lokomotiv” klubunun nümayəndəsi Kərim Şirəliyev mövsümün son yarışını qələbə ilə başa vurub.