Respublika Veteranlar Təşkilatı “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib
Bakı, 17 oktyabr, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı oktyabrın 17-də “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, paytaxtın Nərimanov rayonunun Molla Aşıq Cümə küçəsində təşkil olunan aksiyada iştirak edən veteranlar onlarla ağac əkib, şəhərin yaşıllaşdırılmasına, ekoloji mühitin yaxşılaşmasına töhfə veriblər.
Aksiyada çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Ulu Öndərin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib, hazırkı inkişafa məhz onun siyasi kursu əsasında nail olunduğunu bildirib.
Sədr müavini qeyd edib ki, dahi rəhbər müasir müstəqil Azərbaycan Respublikasının banisi, uzaqgörən siyasəti ilə xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində silinməz iz qoyub, dövlətimizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna xidmətləri olub. Ümummilli Lider ətraf mühitin mühafizəsi və onun qorunmasına daim töhfə verib.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirdə polkovnik Cəlil Xəlilov ağacəkmə aksiyalarının təşkilinin əhəmiyyətini vurğulayıb.
Sədr müavini əlavə edib ki, hər bir qurum və vətəndaş şəhərimizin ekoloji mühitinin yaxşılaşmasına, yaşıllaşdırılmasına töhfə verməli, bu məsələdə əlindən gələni əsirgəməməlidir.