RESPUBLİKA”NIN 2000-Cİ NÖMRƏSİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
Təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzetin redaksiya heyəti olan “Respublika”nın ilk nömrəsi 1996-cı il mart ayının 20-də çapdan çıxmışdır. Mətbu orqanın yaradıcı kollektivi “Azərbaycanın bütövlüyü, müstəqilliyi və tərəqqisi” devizi altında çalışır və indiyədək qazandığı bütün uğurları ümummilli liderimiz Heydər Əliyevin bu qəzetə diqqət və qayğısının nəticəsi hesab edir.
Azsaylı jurnalistlə, cüzi maddi-texniki baza ilə fəaliyyətə başlayan qəzetdə bu gün 90 nəfər calışır, onun müasir kompüter mərkəzi vardır. Ölkənin bütün bölgələrində xüsusi müxbiri olan qəzet 9 mindən yuxarı tirajla yayımlanır.
Qəzetin “İqtisadiyyat” və “Siyasət” adlı tematik səhifələrində müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin müəyyənləşdirib on ildən artıq bir müddətdə həyata keçirdiyi, bu gün isə Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi daxili və xarici siyasət, sosial-iqtisadi problemlərin həlli sayəsində görülən işlər barədə geniş məlumat verilir. “Yeni neft strategiyası”, “İqtisadi icmal” rubrikaları çoxdan oxucuların rəğbətini qazanmışdır. “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” ölkəmizin başçısının 24 noyabr 2003-cü il tarixli Fərmanından və 2004-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqindən sonra isə “Prezident Fərmanının işığında” və “Regionların sosial-iqtisadi inkişafı” rubrikaları açılmışdır. Bu rubrikalar altında müxtəlif bölgələrdə mövcud sosial-iqtisadi vəziyyət, görüləcək işlər işıqlandırılır.
“Respublika” çox az qəzetlərimizdəndir ki, səhifələrində yaradıcı ziyalılarımıza, elm adamlarına geniş yer ayırır, onlar haqqında materiallar verir. Əlbəttə, respublikaçılar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, qaçqınların və məcburi köçkünlərin sosial-məişət məsələlərinin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə də xüsusi diqqət yetirirlər.
Martın 20-də 8 yaşı tamam olacaq “Respublika”nın uğurları sübut edir ki, yaradıcı kollektivi bundan sonra da öz prinsiplərinə sadiq qalacaqdır.