RESPUBLİKANIN ƏKSƏR ÇAYLARINDA YÜKSƏK SULULUQ DAVAM ETMƏKDƏDİR
Bakı, 19 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda respublikanın əksər çaylarında yüksək sululuq davam etməkdədir. Belə ki, ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 120-360, Balakən-Şəki bölgəsi çaylarında 90-284, Kiçik Qafqaz çaylarında isə 148-245 faizini təşkil edir. Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq normadan aşağıdır (120-145 faiz).
Mayın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 15 santimetr artaraq, Şəmkir su anbarına axım ongünlük normanın 117 faizi olmaqla 840 kubmetr/saniyə təşkil edir.
Qanıx çayının Əyrıçay məntəqəsində səviyyə 8 santimetr artaraq, Mingəçevir su anbarına axım ongünlük normanın 120 faizi olmaqla 244 kubmetr/saniyə təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində səviyyə 11 santimetr azalaraq, Araz su anbarına axım ongünlük normanın 191 faizi olmaqla 736 kubmetr/saniyə təşkil edir.
Mayın 19-da Kür çayının Yevlax məntəqəsində səviyyə 5, Zərdabda 2, Surrada 10, Şirvanda 4, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 13 santimetr artmışdır.
Hazırda Kür çayının Zərdab məntəqəsində səviyyə 768 santimetr, su sərfi 891 kubmetr/saniyə, Surrada səviyyə 940 santimetr, su sərfi 1900 kubmetr/saniyə, Salyanda səviyyə 849 santimetr, su sərfi 1845 kubmetr/saniyə, Şirvanda səviyyə 852 santimetr, Bankədə səviyyə 505 santimetr, Araz çayının Novruzlu məntəqəsində isə səviyyə 719 santimetr, su sərfi 760 kubmetr/saniyə təşkil edir.
Mayın 24-dək ölkə ərazisində və qonşu ölkələrdə Kür, Araz və Qanıx çaylarının hövzələrində gözlənilən leysan xarakterli intensiv yağışlarla əlaqədar, eyni zamanda, qeyd olunan çaylara tökülən qollarda sululuğun kəskin artması nəticəsində, Kür çayının aşağı axınında səviyyənin daha da kəskin artacağı gözlənilir.