Rəssam İnna Kostinanın “Yerin, göyün bağları…” adlı fərdi sərgisi açılıb
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Müasir İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, rəssam İnna Kostinanın “Yerin, göyün bağları…” adlı fərdi sərgisi açılıb.
Sərginin açılışından əvvəl AZƏRTAC-a müsahibə verən İnna Kostina bildirib ki, sərgiyə 3 il hazırlaşıb. Bu illərdə 150-dən çox əsər yaratsa da, məkan kiçik olduğundan o, yalnız sərgidə 90-na yaxın əl işini nümayiş etdirir. Budəfəki sərgidə insan vücudu və ruhu mövzusuna toxunduğunu deyən İnna Kostina deyib ki, yaratdığı əsərlər bir qədər mücərrəd məna daşıyır.
“Nar röyaları” silsilə əsərlərindən danışan İnna Kostina bildirib ki, bu ideya onda Qarabağ müharibəsində günahsız bir qızcığazın ölümündən sonra yaranıb. Əsərlərdən birində o həmin qızcığazı nar meyvələri arasında yatılı, başqa bir əsərində isə işığa doğru pərvazlanan şəkildə təsvir edib ki, bu da Qələbənin simvolu hesab oluna bilər.
Tədbirdə Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayev bildirib ki, uzun illərdir muzeydə sərgi keçirilmir. Bu mənada bugünkü tədbir rəssam üçün bir bayramdır. Əsərlərə diqqətlə baxsaq müəllifin qəlbində gizlətdiyi məqamları görmək olar. Sərgidə incə zövqlə işlənmiş, bir az da insanda yuxu təəssüratı yaradan mənzərə şəkilləri sərgilənir. Ümid edirik ki, rəssam sənətsevərləri gələcəkdə də təəccübləndirməkdə davam edəcək.
Latviyanın Azərbaycandakı səfirinin müavini xanım Viya Buşa çıxış edərək bildirib ki, İnna səfirliklə uzun illərdir əməkdaşlıq edir: “Ümid edirəm bu əməkdaşlıq belə bir sərginin Latviyada da açılmasına səbəb olacaq”.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi dekabrın 20-dək davam edəcək.