RƏSSAMLAR İTTİFAQININ YUBİLEYİNƏ HƏSR OLUNUR
Rəssamlar İttifaqının müşaviri Ənvər Qarayev bildirmişdir ki, yubiley çərçivəsində müxtəlif tədbirlər nəzərdə tutulmuşdur. Məsələn, oktyabrda rəssamlardan Altay Hacıyev, Mais Ağabəyov və Arif Ələsgərovun fərdi sərgiləri keçiriləcəkdir.
İlin axırında bütün rəsm qalereyalarında sərgilər təşkil olunacaq, təsviri və tətbiqi sənət, heykəltəraşlıq əsərləri nümayiş etdiriləcəkdir.
Rəssamlar İttifaqı Gənclər və İdman Nazirliyi ilə birlikdə Qarabağ müharibəsi qəhrəmanları haqqında “Ya Qarabağ, ya ölüm”, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlar mövzularında “Azərbaycan, irəli!” müsabiqələrini keçirəcəkdir.
Beynəlxalq tədbirlər də nəzərdə tutulur. YUNESKO çərçivəsində Azərbaycan xalçasının misilsiz ustadı Lətif Kərimovun 100 illik yubileyi qeyd ediləcəkdir.
Yubiley münasibətilə Rəssamlar İttifaqının tarixi haqqında kitab və hazırda ümumi sayı təqribən 1500 nəfər olan üzvləri haqqında sorğu-kataloq buraxılacaqdır.
İttifaqın Şəki, Gəncə, Naxçıvan filialları da yubileyə hazırlaşırlar. Oktyabrın axırında Şəkidə karikatura müsabiqəsi keçiriləcəkdir.
Ə.Qarayev demişdir ki, Şəki təkcə bənzərsiz yumoru ilə deyil, həm də mahir dulusçuları ilə tanınır. Keramika burada qədim sənət sayılır. Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov heykəltəraşlıq və keramika mövzusunda beynəlxalq simpozium təşkil etmək niyyətimizi dəstəklədi. Bu tədbir gələcəkdə ənənə xarakteri alacaq və iki ildə bir dəfə keçiriləcəkdir. Hər bir müəllif Şəkiyə bir əsər hədiyyə edəcəkdir. İstəyirik ki, şəhər parkını və Şəkinin digər istirahət yerlərini keramik heykəllər bəzəsin.