“RİSALƏ” ARAŞDIRMALAR TOPLUSUNUN 2-Cİ NÖMRƏSİNİN TƏQDİMATI OLMUŞDUR
Muzeyin direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Rafael Hüseynov tədbiri açaraq, başçılıq etdiyi qurumun ötənilki fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, təqdimatı keçirilən “Risalə”nin 1-ci nömrəsi keçən il buraxılmışdır. Maraqla qarşılanmış toplu ölkəmizin kitabxanalarına göndərilmişdir. “Risalə”nin 2-ci nömrəsi əvvəlkinə nisbətən həcmcə daha geniş, mövzuca daha zəngindir. Məzmun etibarilə klassik və müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət, həmçinin muzeyşünaslıq məsələlərinin əhatə edilməsi nəzərdə tutulan “Risalə”lərin 4 bölmədən ibarət bu nömrəsində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bu gün böyük əhəmiyyətə malik ciddi problemlərinə toxunulmuşdur. Müəlliflərin sırasında təcrübəli və tanınmış alimlərlə yanaşı, gənc tədqiqatçıların da yazıları yer almışdır.
R.Hüseynovun redaktorluğu ilə Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyinin yaradıcı heyəti tərəfindən hazırlanan “Risalə” mütəxəssislər, ali məktəb tələbələri, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.