Rizvan Təhməzov: Xocalı filialında işçi sayının 200 nəfərə çatdırılması planlaşdırılır VİDEO
Xocalı, 8 sentyabr, AZƏRTAC
“Qarabağ Tekstil Evi” 2024-cü ilin oktyabr ayında Xankəndi şəhərində yaradılıb. Müəssisənin Xocalı filialının açılışı isə 2026-cı il mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Xocalıda jurnalistlərə açıqlamasında “Qarabağ Tekstil Evi” MMC-nin təsisçisi Rizvan Təhməzov deyib.
O bildirib ki, hazırda müəssisənin Xocalı filialında 105 işçi çalışır: “Əsas məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaqdır. Müəssisədə ev tekstili məhsulları istehsal olunur. Əsas məhsullarımız yastıq, yorğan, döşək, yataq dəstləri və dəsmallardır. Ümumilikdə, 200-ə yaxın məhsul çeşidi istehsal olunur. İllik istehsal gücümüzün 1 milyon ədədə çatdırılması nəzərdə tutulur”.
R.Təhməzov qeyd edib ki, gələcəkdə müəssisədə geyim istehsalına da başlanılması planlaşdırılır. Onun sözlərinə görə, bu istiqamətdə əlavə olaraq 100-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur: “Qış geyimləri, yay geyimləri, üst geyimləri və xüsusi geyimlərin istehsalı ilə məşğul olacağıq”.
Müəssisənin ixrac imkanlarından da danışan təsisçi bildirib ki, “Qarabağ Tekstil Evi”nin məhsulları artıq xarici bazarlara da çıxarılır. “Yaxın vaxtlarda Gürcüstan və Moldovaya məhsul ixrac etmişik. Bununla belə, istehsal etdiyimiz məhsulların təxminən 75 faizi daxili bazar üçün nəzərdə tutulub. Hazırda daxili bazarın tələbatını ödəyirik”, - deyə o qeyd edib.
R.Təhməzov xüsusi geyimlərin istehsalına da diqqət çəkib. Bildirib ki, bu istiqamətdə də Xocalıda istehsalın təşkili planlaşdırılır.
Müəssisədə çalışanların böyük əksəriyyətinin yerli sakinlər olduğunu deyən R.Təhməzov vurğulayıb ki, işçilərin təxminən 95 faizi “Böyük Qayıdış” Proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlardır. “Burada əsasən Xocalı sakinləri, Xocalının kəndlərindən, həmçinin Ağdamın kəndlərindən olan vətəndaşlarımız çalışırlar. Onların böyük əksəriyyəti Böyük Qayıdışla öz doğma yurdlarına qayıdan insanlardır”, – deyə müəssisənin təsisçisi əlavə edib.