Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Koreya Milli Assambleyasının Xarici İşlər və Birləşmə Komitəsinin sədri Song Seog-junun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti ilə görüşdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Azərbaycanın Koreya ilə münasibətlərə xüsusi diqqət yetirdiyini və bu ölkə ilə dərin əməkdaşlıq etdiyini deyib. Parlamentlərarası əlaqələrin də çox yaxşı inkişaf etdiyini söyləyən Z.Əsgərov qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq, bunun ikitərəfli əlaqələrin gücləndirilməsinə xidmət etdiyini bildirib.
Koreya şirkətlərinin Azərbaycanın yaşıl enerji bazarında fəal iştirak etdiyini deyən Z.Əsgərov onların Qarabağ və Şərqi Zəngəzurda da uğurla fəaliyyət göstərdiklərini söyləyib. Ölkələrimiz arasında elm, incəsənət və mədəniyyət sahələrində də yaxşı əlaqələrin mövcud olduğunu qeyd edib.
Koreya Milli Assambleyasının Xarici İşlər və Birləşmə Komitəsinin sədri Song Seog-jun Azərbaycan və Koreyanın dost ölkələr olduğunu deyib. Qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin dinamik inkişafına töhfə verdiyini vurğulayan Song Seog-jun bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
O, Azərbaycanın və Koreyanın balanslaşdırılmış siyasətinin sülhün bərqərar olunmasına töhfə verdiyini söyləyib. Bu əlaqələrin dünyada sülhün təmin olunmasına xidmət edəcəyini də əlavə edib.
Görüşdə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yüksək qiymətləndirilib. Həmçinin nəqliyyat-tranzit yollarının Azərbaycandan keçməsinin ölkənin potensialının reallaşdırılması baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Vurğulanıb ki, Koreya vətəndaşları üçün bir il ərzində vizasız gediş-gəliş rejiminin yaradılması əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bunun aviareyslərin açılmasına da təkan verəcəyi bildirilib.
Sentyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Koreya Milli Assambleyasının Xarici İşlər və Birləşmə Komitəsinin sədri Song Seog-junun rəhbərlik etdiyi nümayəndə heyəti arasında da görüş keçirilib.
Görüşdə Koreyanın Azərbaycanın əlaqələrin inkişafı baxımından ən mühüm tərəfdaşlarından biri olduğu vurğulanıb. Hər iki ölkənin əməkdaşlığın inkişafı baxımından geniş potensiala malik olduğu diqqətə çatdırılıb.