Roberto Bordin: Azarkeşlərimizin dəstəyi ilə istədiyimiz nəticəni əldə edəcəyik
Bakı, 28 yanvar, AZƏRTAC
Azarkeşlərimizin dəstəyi bizim üçün çox vacibdir. Çünki onlar həmişə bizə sonadək mübarizə aparmaq üçün lazım olan gücü, enerjini veriblər. Çox ümid edirəm ki, azarkeşlərimizin də dəstəyi ilə “Qarabağ”la matçda yaxşı oyun göstərib, istədiyimiz nəticəni əldə edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi” futbol klubunun baş məşqçisi Roberto Bordin komandanın rəsmi saytında müsahibəsində deyib.
İtalyan mütəxəssis, həmçinin Antalyada başa çatmış təlim-məşq toplanışı haqqında da danışıb: “Taktiki-texniki planda eləmək istədiklərimizin hamısını həyata keçirdik. Komandamdan razıyam. Düzdür, bəzi futbolçuların yüngül zədələrinə görə kiçik problemlər vardı. Bununla belə, həmin oyunçuları ayağa qaldıra bildik. Təbii ki, üç yoxlama oyunu keçirmək bizim üçün çox vacib idi. Təlim-məşq toplanışından tam razı qaldım.
Roberto Bordin yeni transferlər barədə danışarkən deyib: “Hazırkı heyət məni qane edir. Kifayət qədər yaxşı futbolçularımız var. Karikarinin gedişini bir tərəfdən itki saymaq olar. Çünki bizə köməyi dəyirdi. Amma digər tərəfdən təəssüf ki, bəzi hallarda komandada öz yerini tuta bilmədi. Mamadu Mbodjunu əvvəldən heyətə cəlb eləmək istəyirdik. Sonra o, komandamıza qoşulub, müdafiə xəttimizi gücləndirdi. Vanqelis Platellasa gəlincə, yunanıstanlı hücum xəttimizi gücləndirəcək keyfiyyətdə olan futbolçudur. Bunlardan əvvəl isə Mamadu Kane heyətə cəlb olunmuşdu. Digər iki oyunçu kimi, onun da gəlişinə şadıq. Bu futbolçuların oyunları bizi sevindirir. Ümid edirəm ki, yeni transferlər komandaya kömək etmək üçün rəsmi oyunlarda özlərini daha da yaxşı tərəfdən göstərəcəklər.