Roberto Bordin: Üzücüdür ki, qələbə hesabını qoruya bilmədik
Bakı, 11 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Oyun gərgin keçdi, hər iki komanda qalib gəlmək üçün sonadək mübarizə apardı. Yaxşı rəqiblə qarşılaşdıq. “Zirə” sonuncu yerdə olmağa layiq deyil. Üzücüdür ki, qələbə hesabını qoruya bilmədik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 11-ci turunda “Zirə” ilə (2:2) oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis, həmçinin oyunda köməkçisi Fizuli Məmmədovun qarşılaşmanın 36-cı dəqiqəsində özündən getməsi haqda da danışıb: “Fizuli Məmmədovun vəziyyəti yaxşıdır. Açığı, bir az qorxduq. Həm məşqçimizə, həm də “Zirə”nin qapıçısına görə narahat olduq”.
Sonra Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.
“Bundan əvvəlki görüşdə Krivotsyuk-Braliç tandemi yaxşı oyun göstərmişdi. Kirilo Petrov isə təcrübəsi ilə gənclərə dəstək verir. Antonun ehtiyatda qalması bizim seçimimiz idi. Bu dəfə Braliçi seçmişdik. Heyət son məşqdən sonra müəyyənləşir. Rəqib komandadan fərdi olaraq kimisə fərqləndirə bilmərəm. “Zirə” komanda oyunu göstərdi. Bununla belə, hesab 2:2 olandan sonra əks-hücumda qol vura bilərdik”, - deyə baş məşqçi qeyd edib.