HEYDƏR ƏLİYEV - 1
Rotterdamda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
![](/files/galleryphoto/2023/3/1200x630/17022076941730153960_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022076943609444351_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022076941089611198_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022076944836151005_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702207694628532858_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022076943407564521_1200x630.jpg)
Rotterdam, 10 dekabr, AZƏRTAC
Rotterdam şəhərində Qarabağ İdman Klubunun mənzil-qərargahında Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr edilən film nümayiş olunub.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Ulu Öndərin genişmiqyaslı fəaliyyətindən söz açaraq, Azərbaycan diasporunun yaradılmasında Ümummilli Liderin xidmətlərindən və diasporumuzun bu günə qədər gördüyü işlərdən danışıb.
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin diplomatı Vüsal İbrahimov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Elxan Mirhəşimov və Ana Vətən Avropa Azərbaycanlı Qadınlar İctimai Birliyinin sədri Mayisə Ağamirzəyeva Ulu Öndərin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizədən, respublikanın ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan qurtuluşu naminə üzərinə götürdüyü və müxtəlif mərhələlərdən keçmiş missiyasından danışıblar.
Benilüks Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən Cənubi Azərbaycan Cümhuriyyət Partiyasının rəhbəri Araz Ataxan Heydər Əliyevin Güney Azərbaycandakı xidmətlərindən söz açıb. Ulu Öndərin Azərbaycan dilinin və mili şüurunun inkişaf etməsində gördüyü işləri qeyd edib. Vurğulayıb ki, Ümummilli Liderin əziz xatirəsi bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Tədbir iştirakçıları Ulu Öndərin ölkəmizin müstəqilliyi və inkişafı uğrunda göstərdiyi misilsiz xidmətləri ilə bağlı xatirələrini bölüşüblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam