Rumıniyanın milli xəbər agentliyi Heydər Əliyevin həyat və fəaliyyətinə dair məqalə yayıb
Buxarest, 12 dekabr, AZƏRTAC
Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi “Heydər Əliyev xalqın yaddaşında əbədidir” sərlövhəli məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ulu Öndər Heydər Əliyevin vəfatından 20 il ötdüyü qeyd olunaraq, onun həyat və fəaliyyətindən bəhs edilir və Azərbaycan dövlətinin quruculuğunda, o cümlədən müasir Azərbaycanın bütün sahələrində müstəsna xidmətləri barədə geniş məlumat verilir.
Ulu Öndərin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda keçirilən islahatlar, əldə olunan nailiyyətlərdən söz açılaraq, onun səmərəli siyasəti nəticəsində 20-ci əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilərək zənginləşdirildiyi, inamla irəliləyən Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin mümkün olduğu, ölkəmizin dinamik iqtisadi inkişaf və yüksəliş yolunda beynəlxalq nüfuzunun sürətlə yüksəldiyi qeyd edilir.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev ölkəmizin ən çətin bir vaxtında Azərbaycan xalqının tələbi ilə rəhbərliyə qayıdaraq respublikanı tənəzzüldən və böhrandan çıxarıb, ölkəmizin müasir inkişafının bünövrəsini qoyub, müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi şöhrət qazanıb, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib.
Məqalədə, həmçinin bildirilir ki, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.
Sonda qeyd edilib ki, müstəqil Azərbaycan Ümummilli Liderin bugünkü və gələcək nəsillərə böyük hədiyyəsidir, onun irsi xalqımızın milli sərvətidir və bu müqəddəs irsi qoruyub saxlamaq hər bir Azərbaycan vətəndaşının borcudur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest