“Rus dili-qəlbin aynası” XV rus dili Olimpiadasının ikinci mərhələsi davam edir
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycanda “Ana dili - qəlbin aynası” XV rus dili Olimpiadasının II mərhələsi keçirilir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 17-də Gəncə şəhərinin 4 saylı ümumtəhsil məktəbində 7-9-cu sinif şagirdləri arasında Olimpiadanın beşinci turu keçirilib.
“Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin və Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Gəncə regional təhsil departamentinin müdiri İlhamə Tağıyeva, 4 saylı məktəbin direktoru Əliağa Səfərəliyev, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina Olimpiada iştirakçılarını salamlayıblar.
Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova iştirakçıları musiqi nömrələri ilə sevindirib.
Bundan başqa, məktəbin rəhbərliyinə rus dilində bədii ədəbiyyat və metodik vəsaitlər təqdim edilib.
Bu ilin aprel-iyun aylarında Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Azərbaycanın rayonlarında esse formatında 7-9-cu sinif şagirdləri arasında Olimpiadanın II mərhələsi keçiriləcək. Tədbir çərçivəsində Azərbaycan Respublikasının şəhər və rayonlarına regional turlar, ümumtəhsil məktəblərinə ziyarətlər təşkil olunacaq. Olimpiadanın bu mərhələsində 1100 məktəbli iştirak edəcək.
Builki olimpiada bir neçə əlamətdar tarixlərə - “Rus dilində olimpiada” layihəsinin 15 illiyi; Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi; şair və yazıçı Mixail Lermontovun anadan olmasının 209-cu ildönümü; Azərbaycanın şair və yazıçısı Mirzə Fətəli Axundzadənin anadan olmasının 211-ci ildönümünə həsr olunub.
Rus dilində olimpiada ənənəvi olaraq Bakıdakı Rus evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universiteti və Bank “VTB-Azərbaycan”ın dəstəyi ilə keçirilir.