DÜNYA
Rusiya avtomobillərinin Bolqarıstana girişinə qadağa qoyulur

Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də günün sonundan başlayaraq Rusiya avtomobillərinin Bolqarıstan ərazisinə girişi qadağan olunacaq .
AZƏRTAC xəbər verir ki, bunu Bolqarıstan sərhəd polisinin direktoru Anton Zlatanov Milli Televiziyanın efirində deyib.
“Avropa Komissiyasının Rusiya avtomobillərinə dair direktivi kifayət qədər geniş şərh olunur. Bir çox dövlətlər onların girişinə dərhal məhdudiyyətlər qoyub, digərləri isə bunu hələ müzakirə edir. Rusiya avtomobillərin Bolqarıstan ərazisinə girişinə günün sonunadək qadağa qoyulacaq. Yük maşınlarına qoyulan qadağa artıq bir neçə aydır ki, qüvvədədir”, - deyə Anton Zlatanov bildirib.
Rusiyanın Bolqarıstandakı səfirliyinin konsulluq şöbəsindən verilən məlumata görə, onlara Rusiya qeydiyyatlı minik avtomobillərinin Bolqarıstana girişinin məhdudlaşdırılması barədə rəsmi bildiriş daxil olmayıb.
Xatırladaq ki, indiyədək Litva, Latviya, Estoniya, Polşa və Finlandiya Rusiya avtomobillərinin ölkəyə girişini qadağan edib. Oktyabrın 3-dən Norveçdə də analoji qərar qüvvəyə minəcək.