DÜNYA
RUSİYA DÖVLƏT DUMASI AVROPADAKI ADİ SİLAHLI QÜVVƏLƏR HAQQINDA MÜQAVİLƏNİ RATİFİKASİYA ETMİŞDİR
Sənəddə müqavilənin iştirakçısı olan ölkələrin ərazilərində adi silahların yerləşdirilməsini məhdudlaşdırmaq nəzərdə tutulur. İndiyədək AASQM-ni Avropanın 30-dək ölkəsi imzalamışdır.
Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçov parlamentin aşağı palatasının iclasında sənədi təqdim edərək demişdir ki, AASQM-nin ratifikasiyası Avropada adi silahlar sahəsində sabitliyin yüksəlməsinə təkan verəcək və NATO-nun genişlənməsinin Rusiyanın təhlükəsizliyinə mənfi təsirini zəiflədəcəkdir.
Rusiyanın müdafiə naziri Sergey İvanov da sazişin ratifikasiyası barədə öz rəyini bildirərək demişdir ki, “uyğunlaşdırılmış AASQM-nin bütün iştirakçılar tərəfindən ratifikasiya olunması və qüvvəyə minməsi Rusiyanın mənafelərinə cavab verir, ölkənin təhlükəsizliyinin qeyri-hərbi metodlarla möhkəmləndirilməsinə kömək edən mühüm müqavilə-hüquq vasitələrindən biridir”.