RUSİYA DÖVLƏT DUMASI İCTİMAİ YERLƏRDƏ SİQARET ÇƏKMƏYİ QADAĞAN EDİR
Layihəyə əsasən, iş yerlərində, şəhər nəqliyyatında və şəhərkənarı nəqliyyatda, uçuş müddəti üç saatdan az olan reyslər zamanı hava nəqliyyatında, bağlı idman qurğularında, səhiyyə, təhsil, mədəniyyət təşkilatlarında, habelə dövlət hakimiyyəti orqanlarının binasında siqaret çəkmək qadağan olunur.
Qanunu pozanlara ilk dəfə xəbərdarlıq olunacaqdır, bir il ərzində qanun pozuntusuna bir daha yol verilərsə, 300 rubl (əmək haqqının üç minimum məbləği qədər) məbləğində inzibati qaydada cərimə tətbiq ediləcəkdir. Qanunun dəfələrlə pozulmasına görə isə 500 rubl cərimə ödəniləcəkdir.
Rusiya Federasiyası İnzibati Qanun Pozuntuları Məcəlləsinə müvafiq düzəlişlər ediləcəkdir.
Layihənin müəllifləri bildirmişlər ki, hazırda Rusiyada kişilərin təxminən yarısı və hər on qadından biri siqaret çəkir. Bundan əlavə, yeniyetmələrin təxminən yarısı orta məktəbi bitirənədək artıq bu zərərli vərdişə düçar olurlar. Rusiyada siqaretçəkmə üzündən ağ ciyər xərçənginə yoluxma son 10 ildə 63 faiz artmışdır. “Passiv siqaretçəkmə” də ciddi təhlükə törədir. Bu, ağ ciyər xərçənginin əmələgəlmə təhlükəsini 34 faiz, damar patologiyasının yaranması riskini 50 faiz artırır.