RUSİYA İSTEHSALÇILARI QAFQAZ VƏ ORTA ASİYA BAZARLARINA CAN ATIR
Şirkətin beynəlxalq marketinq meneceri Viktoriya Kozlova AZƏRTAC-ın müxbirinə demişdir ki, hər iki region Sankt-Peterburq müəssisələri üçün ənənəvi satış bazarıdır. İllər boyu bərqərar olmuş əlaqələr, həyat səviyyəsinin uyğunluğu, sənaye standartları və sertifikatlaşdırmanın vahid sisteminin mövcudluğu Rusiya istehsalçılarının bu regionların bazarlarına daxil olmasını asanlaşdırır. Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ildə Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Moskvaya səfərləri ölkələrimiz arasında iqtisadi münasibətlərə yeni təkan vermişdir. 2010-cu ilədək Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında 2002-ci ildə bağlanmış müqavilə bu işdə mühüm rol oynamışdır. 2004-cü il fevralın 6-da qəbul olunmuş Moskva bəyannaməsində qarşıya böyük vəzifələr qoyulmuşdur. Müqaviləyə və uzunmüddətli iqtisadi əməkdaşlıq proqramına uyğun olaraq hazırlanmış tədbirlər artıq öz səmərəsini verir. Bu barədə bu il aprelin 6-da “Gülüstan” sarayında keçirilmiş “Azərbaycan-Rusiya ticarət-iqtisadi münasibətləri. Onların inkişaf meylləri və perspektivləri” adlı I Azərbaycan-Rusiya iqtisadi forumunda geniş danışılmışdır. Ancaq bəzi ciddi problemlər var ki, onların həlli vacibdir. Məsələn, gömrük qaydalarının sadələşdirilməsinə, qanunvericilik bazasının möhkəmləndirilməsinə, ticarət-təsərrüfat münasibətləri üçün əlverişli şəraitin yaradılmasına ehtiyac vardır.