Rusiya Liberal-Demokrat Partiyasının sədri Bakıdakı 23 nömrəli tam orta məktəbdə olub
Vladimir Jirinovskiyə təhsil ocağı haqqında məlumat verildi, məktəbin yenidən qurulmasına Prezident İlham Əliyevin Sərəncamı ilə 2012-ci ildən başlanıldığını, binanın tamamilə sökülərək yerində müasir məktəbin inşa edildiyi bildirildi.
Qonaq məktəbdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotosənədlərlə tanış oldu. V.Jirinovskinin diqqətinə çatdırıldı ki, 2163 şagird yerlik təhsil ocağı öz məzunları ilə həmişə fəxr edib. Məzunlar arasında bu gün təhsil konsepsiyasının reallaşmasına önəmli töhfə verən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da var. Məktəbdə şagirdlərin təhsili üçün lazım olan bütün şərait yaradılıb.
Rusiya Dövlət Dumasının deputatı sinif otaqlarını gəzdi, 6-cı və 10-cu sinif şagirdləri ilə görüşdü, onlarla ədəbiyyat, tarix barədə söhbət etdi, gənclərin fikirləri ilə maraqlandı, onların Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan kimi gözəl ölkədə yaşadıqlarını, ən yaxşı məktəblərdən birində təhsil aldıqlarını vurğuladı.
Şagirdlərlə səmimi söhbət edən qonaq öz məktəb illərini xatırladı, təhsilin vacibliyini qeyd etdi.
Vladimir Jirinovskiyə onun portreti hədiyyə edildi. Rusiya Liberal-Demokrat Partiyasının sədri bu portretə görə 10-cu sinif şagirdi Mələk Abbaszadəyə minnətdarlığını bildirdi.
Məktəblilərə xatirə hədiyyələri təqdim edildi.
Məktəblə tanışlıqdan məmnunluğunu bildirən V. Jirinovski ölkəmizlə bağlı təəssüratlarını bölüşərək dedi:
- Bakı tamamilə fərqli şəhərdir, möhtəşəmdir. Buraya sonuncu dəfə 40 il əvvəl gəlmişəm. İndi insanlarla tanış oluram. Əlbəttə, onlar yaxşılığa doğru dəyişiblər, xoş münasibət var, hamı rus dilini yaxşı bilir və müsbət münasibət hiss olunur. Ölkələrimiz arasında həmişə çox yaxşı münasibət olub. Bütün bunlar sizin gözəl rəhbəriniz İlham Heydər oğlunun sayəsindədir.
Qonaq məktəblə tanışlıqdan xoş təəssüratlarla ayrıldı.