RUSİYA VES” SƏHMDAR CƏMİYYƏTİ İDARƏ HEYƏTİNİN SƏDRİ ANATOLİ ÇUBAYSIN İŞTİRAKI İLƏ MƏTBUAT KONFRANSI
A.Çubays özünün qısamüddətli, lakin məzmunlu səfərindən, onun gedişində təkcə “Azərenerji” SC-dən olan həmkarları ilə deyil, həm də hökumət üzvləri, respublikanın Baş naziri Artur Rasizadə ilə keçirdiyi görüşlərdən danışdı, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşün əhəmiyyətini vurğuladı.
O, ölkələrimizin energetika sahəsində əməkdaşlığının vəziyyətini qiymətləndirərək bildirdi ki, bu məsələdə problemlərin olmaması heç də tez-tez baş vermir. Tərəflər elə bir vəziyyətlə qarşılaşmamışlar ki, ölkələrimizin hökumətlərinin və ya prezidentlərinin dərhal müdaxilə etməsinə ehtiyac yaransın. Rusiya və Azərbaycan energetikləri arasında qarşılıqlı fəaliyyətin xarakteri son dərəcə konstruktiv və müsbətdir. Anatoli Çubays qeyd etdi ki, indi təkcə Rusiyadan Azərbaycana deyil, eləcə də Azərbaycandan Rusiyaya elektrik enerjisinin sabit mübadiləsi sahmanlanmışdır. Ümumiyyətlə, bu mübadilənin müsbət balansı Azərbaycanın xeyrinədir. Bu, başlanğıc vəziyyətidir və onunla əlaqədar bizim Azərbaycan tərəfinə ödəniş barədə heç bir iradı yoxdur. Eləcə də, Azərbaycan tərəfinin ona göndərilən elektrik enerjisinin keyfiyyəti və təmizliyi barədə iradı yoxdur. Bütün bunlar Avropa standartları səviyyəsində təmin edilir.
Anatoli Çubays səfərin yekunlarına toxunaraq dedi: “Görüşlərdə biz xırda cari məsələləri müzakirə etmədik, strategiyadan danışdıq”. O, bütün danışıqların nəticələrindən söz açaraq, birgə fəaliyyətin daha da irəlilədilməsi strategiyasının hamılıqla başa düşüldüyündən məmnunluğunu bildirdi. Onun sözlərinə görə, ixracın həcmini artırmağa imkan var və Azərbaycan tərəfi prinsipcə bunda maraqlıdır. Lakin söhbət heç də təkcə enerji axınını artırmaqdan getmir. Biz elektrik xətlərinin genişmiqyaslı şəbəkə tikintisinə dair müştərək planlarda maraqlıyıq. Bu planlar əlaqələndirilmiş şəkildə azərbaycanlı həmkarlarla birlikdə həyata keçiriləcəkdir. Üçüncü ölkələrə gəlincə, bu barədə tərəflərin ümumi mənafeləri var. A.Çubays, ilk növbədə, İran İslam Respublikasını misal göstərdi. Məlum olduğu kimi, Azərbaycan energetikləri Azərbaycan ilə İran arasında yeni elektrik xəttləri çəkilməsinə dair ciddi layihə hazırlamışlar. “Rusiya VES” SC idarə heyəti sədrinin sözlərinə görə, bu planlar İranı vahid energetika məkanına daxil etmək və onun enerji sistemini sinxronlaşdırmaq məsələsini mütləq irəli sürəcəkdir. A.Çubaysın fikrincə, belə layihə ancaq birlikdə həyata keçirilə bilər. Rusiya tərəfi bu layihəni dəstəkləyir, çünki onda maraqlıdır. Azərbaycan ilə Gürcüstan arasında energetika əlaqələrini gücləndirmək ideyası da var. Bu, asan vəzifə deyildir. Lakin o, Azərbaycanda enerji təchizatının etibarlılığını əhəmiyyətli dərəcədə artırardı. A. Çubays bu layihəyə də maraq göstərdiyini açıqladı. Görüşdə həmin məsələ də müzakirə olunmuşdur.
Bütün bunlar Rusiyanın cənub bölgələrinin və Azərbaycanın, gələcəkdə isə, həm də İranın elektrik enerjisi balansı strategiyasını ciddi şəkildə, peşəkarlıqla və birlikdə araşdırmağı tələb edir. Odur ki, tərəflər xüsusi işçi qrupu yaradılması barədə razılığa gəlmişlər.
Anatoli Çubays əmin olduğunu xüsusi vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra o, iki ölkənin mənafeləri naminə daha böyük irəliləyiş üçün müsbət impuls almışdır.
“Azərenerji” SC-nin prezidenti Etibar Pirverdiyev mətbuat konfransında çıxış edərək bildirdi ki, görüşdə ölkələrimiz arasında energetika sistemi sahəsində qarşılıqlı fəaliyyətlə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur. O, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın daha keyfiyyətli əsasda davam etdirilməsinin vacibliyindən danışaraq, müzakirələrin səmərəli keçdiyini nəzərə çarpdırdı.
Respublika milli enerji idarəsi başçısının sözlərinə görə, Azərbaycanın energetika sistemi ümumilikdə ölkənin tələbatını ödəyir. Ancaq Naxçıvan Muxtar Respublikasının təchizatında bəzi problemlər vardır ki, bu da onun 14 il ərzində Ermənistan tərəfindən blokadada saxlanması ilə bağlıdır. Buraya elektrik enerjisi İran ərazisindən nəql edilir.
Hazırda Rusiya və Azərbaycan arasında elektrik enerjisi mübadiləsi təkcə bir xətt – Yaşma (Azərbaycan) – Dərbənd (Rusiya) xətti vasitəsilə həyata keçirilir. Lakin bu xəttin texniki imkanları tükəndiyindən hazırda onu etibarlı hesab etmək olmaz. Bu baxımdan, Etibar Pirverdiyev səfərin əhəmiyyətini diqqətə çatdıraraq, əmin olduğunu bildirdi ki, ölkələrimiz arasında elektrik enerjisi sahəsində əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcəkdir.
Sonra Anatoli Çubays və Etibar Pirverdiyev jurnalistlərin suallarına cavab verdilər.
Mətbuat konfransında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Rusiya Federasiyasının Bakıdakı səfiri Nikolay Ryabov iştirak edirdilər.